ABŞ Prezidenti Donald Tramp 28 May Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. "Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, təbrikdə deyilir:
"Müstəqillik Gününüz münasibətilə Sizi və əziz Azərbaycan xalqını təbrik etmək istəyirəm. 2025-ci ilin avqust ayında Vaşinqtonda keçirilmiş tarixi sülh sammitindən bəri biz münasibətlərimizi yenidən canlandırmaq üçün birlikdə çalışmışıq və bunun nəticəsi olaraq Vitse-prezident Vens 2026-cı il fevralın 10-da Bakıda Sizinlə Strateji Tərəfdaşlıq Xartiyamızı imzalamışdır. Biz regional əlaqələr, iqtisadi münasibətlər və təhlükəsizlik sahəsində əməkdaşlıq üzrə tərəfdaşlığımızı daha da dərinləşdiririk və bu istiqamətlərdə, həmçinin digər sahələrdə əməkdaşlığımızı davam etdirməyi səbirsizliklə gözləyirik".
Məktubda Birləşmiş Ştatların Azərbaycan və Ermənistan arasında dayanıqlı sülhün bərqərar olmasına verdiyi dəstək vurğulanıb:
- Ötən ilin avqust ayında paraflanmış sülh sazişinin irəlilədilməsi istiqamətində Azərbaycanın göstərdiyi səylər;
- Sərhədlərin delimitasiyası üzrə davam edən proses;
- 2026-cı ilin yanvar ayında dörd erməni məhbusun azad olunması;
- Ermənistana yanacaq tədarükü;
- Hər iki ölkənin vətəndaş cəmiyyətlərini bir araya gətirən "Sülh Körpüsü" təşəbbüsü.
Sonda ABŞ Prezidenti strateji tərəfdaşlığın gələcək illərdə daha da möhkəmləndirilməsinə ümidvar olduğunu bildirərək, Azərbaycan xalqına ən xoş arzularını çatdırıb.