Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin müavini Amina Muhammed Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) bağlanış mərasimində çıxış edib. O, forumun keçirilməsində göstərdiyi qonaqpərvərliyə və liderliyə görə Azərbaycan hökumətinə və xalqına təşəkkürünü bildirib.
Amina Muhammed Azərbaycanın 2026-cı ili “Şəhərsalma və Memarlıq İli” elan etməsini mühüm addım kimi qiymətləndirib. BMT rəsmisi qeyd edib ki, ölkə həm çoxəsrlik ənənələrə sadiq qalaraq, həm də müasir çağırışlara cavab verən mütərəqqi yanaşmalar tətbiq etməklə urbanizm sahəsində qlobal səviyyədə nümunə yaradır.
Çıxışda Azərbaycanın müxtəlif bölgələrində aparılan genişmiqyaslı yenidənqurma işlərinə, icmaların inteqrasiyasına, habelə infrastrukturun və sülh mühitinin bərpasına xüsusi diqqət çəkilib. Bu proseslərin əraziləri sosial həmrəylik, mədəni canlılıq və iqtisadi inkişaf mərkəzinə çevirdiyi vurğulanıb.
BMT rəsmisi Bakının şəhərsalma potensialı barədə fikirlərini belə ifadə edib: “Dünyanın ən qədim və fasiləsiz məskunlaşılmış şəhərlərindən biri olan Bakıda biz, eyni zamanda, yenilənmə və dayanıqlılığın nümunəsini görürük”.