Azərbaycan və Türkmənistan arasında iqtisadi-ticarət, enerji, nəqliyyat, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, ətraf mühitin mühafizəsi, su infrastrukturu və digər prioritet istiqamətlər üzrə tərəfdaşlığın gücləndirilməsini nəzərdə tutan protokol imzalanıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
O bildirib ki, Türkmənistana işgüzar səfəri çərçivəsində bu ölkənin Nazirlər Kabineti sədrinin müavini, Azərbyacan və Türkmənistan arasında Birgə Hökumətlərarası Komissiyanın həmsədri Nökərqulı Ataqulıyevlə Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclasında iştirak edib.
"Ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, ixrac marşrutlarının şaxələndirilməsi məqsədilə ikitərəfli Biznes Şurasının yaradılması təşəbbüsünü vurğuladıq. İclasın yekununda iqtisadi-ticarət, enerji, nəqliyyat, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, ətraf mühitin mühafizəsi, su infrastrukturu və digər prioritet istiqamətlər üzrə tərəfdaşlığın gücləndirilməsini nəzərdə tutan protokol imzaladıq",- deyə nazir qeyd edib.