Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyunun 2-də Ukrayna Baş nazirinin birinci müavini və energetika naziri Denis Şmıqal ilə görüşüb. Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, tərəflər “Bakı Enerji Həftəsi” çərçivəsində təşkil olunan tədbirlərin önəmini qeyd ediblər.
Görüşdə Bakının qlobal enerji dialoqunda mühüm mərkəzlərdən birinə çevrildiyi vurğulanıb. Həmçinin, sözügedən platformanın enerji təhlükəsizliyi, yaşıl enerji keçidi və dayanıqlı inkişaf sahələrində beynəlxalq əməkdaşlığın gücləndirilməsinə verdiyi töhfələr diqqətə çatdırılıb.
Söhbət zamanı Azərbaycan və Ukrayna arasında ikitərəfli münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tərəflər iqtisadiyyat, ticarət, enerji və humanitar sahələr daxil olmaqla, qarşılıqlı maraq doğuran bir çox istiqamətlərdə əlaqələrin genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər.
Bundan əlavə, Azərbaycanın Ukraynaya göstərdiyi humanitar dəstək də müzakirə mövzusu olub. Ukrayna tərəfi göstərilən yardımlara və mülki infrastrukturun bərpasına verilən dəstəyə görə minnətdarlığını ifadə edib.