Bakıda təşkil olunan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində adekvat mənzil təminatı və dayanıqlı icmaların formalaşdırılması üçün beynəlxalq əməkdaşlığın, eləcə də birgə fəaliyyətin vacibliyi ön plana çəkilib.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri və WUF13-ün milli koordinatoru Anar Quliyev tədbirin bağlanışında çıxış edərək, Bakının qlobal çağırışların həllində həmrəylik və çoxtərəfli tərəfdaşlıq platformasına çevrildiyini qeyd edib. O, forumda əldə olunan razılaşmaların və təşəbbüslərin gələcəkdə konkret nəticələrə çevriləcəyinə ümidvar olduğunu bildirib.
Anar Quliyevin sözlərinə görə, bu müzakirələr dünya miqyasında 3,4 milyard insanı narahat edən mənzil və evsizlik problemlərinin aradan qaldırılmasına töhfə verməlidir. Komitə sədri mənzil təminatının Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 25-ci maddəsinə əsasən fundamental insan hüququ olduğunu xatırladaraq, bu hüququn hər kəs üçün təmin edilməsinin vacibliyini vurğulayıb.