Dünya Çempionatı matçlarında tribunalar Fələstin bayraqları ilə diqqət çəkib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Dünya Çempionatı çərçivəsində keçirilən bir sıra oyunlarda azarkeşlər Qəzzada davam edən humanitar böhrana diqqət çəkmək məqsədilə tribunaları Fələstin bayraqları ilə bəzəyiblər.
Məlumata görə, müxtəlif ölkələrdən gələn futbolsevərlər “İsrailə qırmızı vərəqə göstər” şüarı səsləndirərək etirazlarını ifadə ediblər. Türkiyə millisinin ABŞ ilə qarşılaşdığı matçda da Fələstin bayraqları tribunalarda dəfələrlə kamera görüntülərinə düşüb.
Bildirilir ki, Almaniya–Paraqvay oyununda bir ailə Fələstin bayraqları ilə stadiona gəlib. ABŞ vətəndaşlığı olan fələstinli azarkeşlər isə turnir boyunca dəstək aksiyalarını davam etdirəcəklərini açıqlayıblar.
Eyni zamanda, Fas azarkeşləri həm Nyu-Yorkun “Times Meydanı”nda, həm də stadionlarda Fələstin lehinə şüarlar səsləndiriblər. Bosniya və Herseqovina–İsveçrə matçında isə “Sarayevo’dan Fələstinə dəstək” yazılı plakatlar qaldırılıb.
Qeyd edək ki, İsrail və Fələstin milli komandaları 2026-cı il Dünya Çempionatı seçmə mərhələlərində iştirak hüququ qazana bilməyiblər. Məlumata görə, Qəzzada davam edən münaqişə fonunda 800-dən çox idmançı həyatını itirib, yüzlərlə idman obyekti isə dağıdılıb.