Beynəlxalq axtarışa verilmiş daha iki şəxs Azərbaycana ekstradisiya olunub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Respublikasının vətəndaşları Əbülfət İsmayılzadə və Amal Əzizovun ekstradisiyası ilə bağlı Baş Prokurorluğun vəsatətləri Gürcüstanın Ədliyyə Nazirliyi tərəfindən təmin edilib. Ekstradisiya prosesi “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 22 yanvar 1993-cü il tarixli Konvensiyaya uyğun həyata keçirilib.
Qeyd olunan şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub, istintaqdan yayınaraq gizləndiklərinə görə barələrində beynəlxalq axtarış elan edilmişdi.
Onlar Gürcüstan ərazisində saxlanılaraq, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.
Məlumata görə, həmin şəxslər siqaret qaçaqmalçılığı ilə bağlı cinayət işi üzrə axtarışda olublar. İstintaq materiallarında onların Birləşmiş Ərəb Əmirlikləri və İran İslam Respublikasından aksiz markası olmayan tütün məmulatlarının ölkəyə qanunsuz gətirilməsində iştirakına əsaslı şübhələr müəyyən edilib.
Faktlarla bağlı istintaq tədbirləri davam etdirilir.