NATO ilə Azərbaycan arasında münasibətlər möhkəm və uzunmüddətli əsaslar üzərində qurulub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İsveç səfirliyinin NATO Baş katibinin müavini Radmila Şekerinskanın Azərbaycana səfəri ilə bağlı yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, 21–22 yanvar 2026-cı il tarixlərində Radmila Şekerinska Azərbaycanda səfərdə olub. Səfər çərçivəsində o, xarici işlər naziri Ceyhun Bayramov, Milli Məclisin sədri Sahibə Qafarova və Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov ilə görüşlər keçirib.
Görüşlər zamanı Azərbaycan–NATO tərəfdaşlığının mövcud vəziyyəti və gələcək perspektivləri nəzərdən keçirilib, həmçinin Ermənistan–Azərbaycan normallaşma prosesi və NATO-nun Qara dəniz regionunda sabitliyə dəstəyi kimi qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Vurğulanıb ki, Radmila Şekerinska Azərbaycanın NATO ilə 30 ildən artıq davam edən tərəfdaşlığını yüksək qiymətləndirib. Onun sözlərinə görə, bu əməkdaşlıq siyasi dialoq, hərbi qarşılıqlı fəaliyyət, müdafiə təhsili və digər praktiki sahələrdə uğurla inkişaf edir.
Bildirilib ki, səfər NATO-nun Azərbaycanda Əlaqələndirici Səfirlikləri qismində fəaliyyət göstərən Slovakiya və İsveç səfirliklərinin dəstəyi ilə həyata keçirilib.