Rusiya Müdafiə Nazirliyi Xarkov vilayətində daha bir yaşayış məntəqəsinin nəzarətə götürüldüyünü iddia edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, nazirliyin yaydığı məlumata əsasən, "Şimal" qoşun qruplaşmasının 6-cı ordusunun 69-cu motoatıcı diviziyasının hücum bölmələri gərgin döyüşlərdən sonra Xarkov vilayətinin şimal-qərbində yerləşən Petro-İvanovka kəndini nəzarətə götürüb.
Məlumata görə, Ukrayna qüvvələri yaşayış məntəqəsini müdafiə etmək üçün müxtəlif vasitələrdən, o cümlədən xarici muzdlulardan istifadə edib. Rusiya tərəfi iddia edir ki, bu istiqamətdə döyüşən ispandilli muzdlulardan ibarət iki qrup müxtəlif vaxtlarda qarşılarına qoyulan döyüş tapşırıqlarını yerinə yetirməkdən imtina edib.
Nazirliyin məlumatında bildirilir ki, Petro-İvanovkanın nəzarətə götürülməsi nəticəsində Rusiya ordusunun Xarkov vilayətində nəzarətdə saxladığı ərazi genişlənib. Həmçinin iddia olunur ki, Ukrayna Silahlı Qüvvələri cəbhənin bu hissəsini saxlamaq məqsədilə digər istiqamətlərdən, o cümlədən Kupyansk rayonu ətrafından ehtiyat qüvvələr cəlb etmək məcburiyyətində qalıb.
Qeyd edək ki, bu məlumatlar Rusiya Müdafiə Nazirliyi tərəfindən açıqlanıb və müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.