Cari ildə ümumilikdə 23 min 335 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənərək təhlükəsiz vəziyyətə gətirilib. Bu barədə məlumat Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində təşkil olunan “Münaqişədənsonrakı şəhərlərdə yenidənqurma: Humanitar minatəmizləmə fəaliyyətinin kritik rolu” mövzulu tədbirdə səsləndirilib.
Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini Samir Poladov bildirib ki, 2026-cı ilədək aşkarlanan partlayıcıların sayı aşağıdakı kimidir:
- Piyadaəleyhinə minalar: 1447 ədəd
- Tankəleyhinə minalar: 542 ədəd
- Partlamamış hərbi sursatlar: 12 min 302 ədəd
Samir Poladov qeyd edib ki, humanitar minatəmizləmə fəaliyyəti təkcə ərazinin təhlükəsizliyinin təmin olunması deyil, həm də keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı, sosial-iqtisadi reinteqrasiya və regionda davamlı sülhün bərqərar olması üçün mühüm şərtdir.