İsrail Aralıq dənizində yeni qaz yataqlarının kəşfiyyatına başlayır.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə İsrailin energetika naziri Əli Kohen məlumat verib.
Məlumata görə, İsrail Aralıq dənizindəki iqtisadi sularında təbii qaz ehtiyatlarının kəşfiyyatı üçün beşinci rəqabətli tender prosesinə start verib. Bildirilir ki, üç mərhələdən ibarət olacaq tenderin təxminən bir il davam edəcəyi gözlənilir.
Qeyd olunub ki, hazırda ölkənin enerji təminatı əsasən "Tamar" və "Leviathan" qaz yataqları hesabına həyata keçirilir. "Leviathan" yatağından hasil olunan qaz əsasən Misir və İordaniyaya ixrac edilir. Eli Kohen qaz sektorunun ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyət daşıdığını və ixracın regional sabitliyə töhfə verdiyini bildirib.
Məlumata əsasən, İsrail qanunvericiliyinə görə, yeni aşkar edilən qaz ehtiyatlarının ilk 50 milyard kubmetri daxili tələbat üçün ayrılmalıdır. Neft üzrə komissar Çen Bar Yosef ölkənin dəniz akvatoriyasında hələ də təxminən 400 milyard kubmetr həcmində kəşf olunmamış təbii qaz ehtiyatının ola biləcəyini açıqlayıb.
Bildirilir ki, İsrail ötən il Misirlə 2040-cı ilə qədər 130 milyard kubmetr qaz tədarükünü nəzərdə tutan 35 milyard dollarlıq müqavilə imzalayıb. Həmçinin ötən il "BP", Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) və İsrailin "NewMed Energy" şirkətindən ibarət konsorsiuma Aralıq dənizində qaz kəşfiyyatı aparmaq üçün lisenziyalar verilib.