İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi ABŞ və İsrailin hücumları nəticəsində Pasteur İnstitutuna vurulan ziyanın həm ölkə daxilində, həm də regional miqyasda səhiyyə təhlükəsizliyini ciddi şəkildə təhdid etdiyini açıqlayıb. Bu barədə məlumatı Bəqayi özünün sosial şəbəkə hesabında paylaşıb.
İsmayıl Bəqayi nüfuzlu The Lancet jurnalında dərc olunan xəbərdarlığa diqqət çəkərək, sözügedən institutun İranın ictimai səhiyyə sisteminin təməl daşlarından biri olduğunu vurğulayıb. Jurnalın məlumatına görə, institutun fəaliyyətinin dayandırılması ictimai sağlamlıq üçün real və təcili təhlükə mənbəyinə çevrilə bilər.
Bəqayinin sözlərinə görə, bir əsrlik tarixi olan bu elmi və tibbi müəssisəyə edilən hücum təkcə maddi obyektə deyil, insanların həyat, sağlamlıq və elm hüquqlarına qarşı yönəlmiş addımdır. O, bu cür hərəkətlərin regionda səhiyyə təhlükəsizliyi və elmi araşdırmalar üçün ağır nəticələr doğuracağını bəyan edib.