Fransanın şimal-şərqində, Bas-Rhin vilayətinin Wingen-sur-Moder şəhərində yerləşən məşhur “Lalique” muzeyi soyğunçuların hədəfinə çevrilib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Məlumata görə, hadisə səhər saat 05:00–06:00 radələrində baş verib. Bir neçə maskalı şəxs muzeyin giriş qapısını və altı vitrini sındıraraq binaya daxil olub.
Bildirilir ki, oğurluq zamanı fransız şüşə və zərgərlik ustası Rene Laliqueə məxsus təxminən 650 əsərin sərgiləndiyi məkandan milyonlarla avro dəyərində zinət əşyaları aparılıb.
Qeyd olunur ki, Wingen-sur-Moder şəhərinin meri Kristian Dorşner hadisəni təsdiqləyərək oğurlanan eksponatların əvəzolunmaz sənət nümunələri olduğunu bildirib. O, artıq istintaqın başladığını da açıqlayıb.
Məlumata əsasən, cinayətkarların muzeyə daxil olduğu vaxt təhlükəsizlik siqnalizasiya sistemləri aktiv olub.
Bildirilir ki, son dövrlər Fransada muzeylərə qarşı oğurluq hadisələrinin artması narahatlıq doğurur. Paris və digər şəhərlərdə yerləşən bir sıra muzeylərdə yüksək dəyərli sənət və tarixi əşyaların oğurlandığı oxşar hadisələr qeydə alınıb.