Azərbaycanda diplomatik xidmət əməkdaşlarının maaşlarının hesablanması qaydalarında dəyişiklik nəzərdə tutulur. Məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında “Diplomatik xidmət haqqında” qanuna təklif olunan dəyişiklik layihəsi çərçivəsində gündəmə gəlib.
Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumda çalışan diplomatik xidmət əməkdaşlarının dövlət məvacibi aşağıdakı komponentlərdən formalaşacaq:
- Aylıq vəzifə maaşı;
- Diplomatik rütbəyə görə müəyyən edilən əlavə haqq;
- Təmsilçiliyə görə əlavə haqq;
- Xidməti zərurət yarandıqda, aylıq iş vaxtı norması 5 (beş) saatdan çox artırılarsa, hər əlavə saata görə ödənilən haqq;
- Əmək qanunvericiliyinə uyğun olaraq, xidmət şəraitinin ağırlığı, zərərliliyi və iqlim şəraiti kimi amillərə görə nəzərdə tutulan əlavələr.