“Pearson VUE” təşkilatının rəsmi kompüterəsaslı test mərkəzi kimi fəaliyyət göstərən Dövlət İmtahan Mərkəzi (DİM) vətəndaşların müraciətlərini nəzərə alaraq, təşkilatla razılaşdırılmış şəkildə imtahan cədvəlinə iyunun 3-ü, 10-u və 20-si tarixlərini əlavə edib.
DİM-dən verilən məlumata görə, qeydiyyat prosesi birbaşa “Pearson VUE” tərəfindən idarə olunur. İmtahanda iştirak etmək istəyənlər aşağıdakı addımları izləməlidirlər:
- “Pearson VUE”-nun rəsmi internet səhifəsində hesab yaratmaq;
- İmtahan veriləcək proqramı seçərək şəxsi kabinet vasitəsilə qeydiyyatı tamamlamaq;
- Qeydiyyat zamanı imtahan mərkəzi kimi “Azerbaijan Republic State Examination Center” seçimini etmək.
Namizədlər test mərkəzini seçdikdən sonra DİM-də keçiriləcək imtahan tarixləri və digər zəruri məlumatlarla tanış ola bilərlər. Qeyd edək ki, Project Management Institute (PMP) imtahanının formatında iyulun 9-dan etibarən dəyişikliklər tətbiq olunacaq.