Bakıdan ötən gün saat 23:10-da yola düşən sərnişin qatarı səfərini başa vuraraq saat 09:04-də Tbilisi Dəmir Yolu Vağzalına çatıb. "Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, qatarın qarşılanması üçün təntənəli tədbir təşkil olunub.
Mərasimdə Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin müavini Tamar İoseliani, Azərbaycanın Gürcüstandakı səfirliyinin nümayəndələri, "Gürcüstan Dəmir Yolları" SC-nin baş direktoru Laşa Abaşidze və digər rəsmi şəxslər iştirak ediblər.
Bu səfərlə altı illik fasilədən sonra Bakı-Tbilisi marşrutu üzrə qatar əlaqəsi bərpa edilib. Qeyd edək ki, qatar Tbilisidən bu gün saat 21:00-da geri qayıdacaq və sabah saat 06:24-də Bakıya çatacaq.