# Mareska “Arsenal”la heç-heçədən sonra hakim qərarlarını tənqid etdi

**OMM Redaksiyası** · *2026-11-30T00:24:37+04:00* · [operativmm.az](https://operativmm.az/az/post/mareska-arsenalla-hec-heceden-sonra-hakim-qerarlarini-tenqid-etdi/89374)

![Mareska “Arsenal”la heç-heçədən sonra hakim qərarlarını tənqid etdi](https://operativmm.az/storage/posts/mareska-arsenalla-hec-heceden-sonra-hakim-qerarlarini-tenqid-cd8742.webp)

> “Mançester Siti”nin baş məşqçisi Enzo Mareska “Arsenal”la 2:2 hesablı heç-heçədən sonra hakimlərin bir neçə qərarından narazılığını bildirib. O, komandanın qurulması və sabitlik qazanması üçün zamana ehtiyac olduğunu da vurğulayıb.

---

İngiltərə Premyer Liqasının 12-ci turunda “Mançester Siti” ilə “Arsenal” 2:2 hesablı heç-heçə edib. “Mançester Siti”nin baş məşqçisi Enzo Mareska oyundan sonra hakim qərarları barədə danışıb.

İtaliyalı mütəxəssis Ceremi Dokunun qayda pozuntusu zamanı rəqib futbolçunun meydandan qovulmamasından, Cianluici Donnarummanın iştirakı ilə mübarizədə “Arsenal”ın vurduğu ikinci qoldan və əlavə vaxtda Viktor Dekerşin əllə oyununa görə penalti təyin edilməməsindən narazı qalıb.

“İndi komandamızı qurduğumuzu və irəlilədiyimizi göstərmək vacibdir. Dörd aydır birlikdə işləyirik. Bu baxımdan özümüzü göstərdiyimizi düşünürəm.

Hakimliyi tənqid etmək çox asandır, amma mən bunu etməməyə üstünlük verirəm. Söhbət təkcə penaltidən getmir. Doku ilə epizodda qırmızı vərəqə göstərilməli idi. Həmçinin Donnarummanın boynunun arxasına dirsəklə zərbə endirildi. “Brayton”la oyunu xatırlasaq, futbolçunun hər iki əli ilə oynadığı, amma penalti verilmədiyi hal görməmişəm. Son dörd-beş oyunda hakimlik məsələsində bəxtimiz gətirməyib. Ümid edirəm, gələcəkdə daha çox bəxtimiz gətirər.

Mən komandanın oyununa nəzarət edə bilərəm, amma fit çalan şəxsə yox. Qərarları o verir. Bəxtimiz gətirmədi. Dokunun üzərinə qayda pozuntusu, buraxdığımız qol və son dəqiqələrdə verilməyən penalti aydındır. Bunun üçün şərhimə ehtiyac yoxdur”, – Mareska BBC-yə deyib.

Baş məşqçi əlavə edib ki, bəzi insanlar komandada hələ də Pep Qvardiolanın işlədiyini düşünür və yeni məşqçinin, eləcə də heyətin yarısının yeni futbolçulardan ibarət olduğunu unudurlar. Onun sözlərinə görə, bu, zaman tələb edən prosesdir. Mareska sabitlik əldə ediləcəyi təqdirdə komandanın bütün turnirlərdə mübarizə apara biləcəyini, lakin bunun üçün dörd, beş, altı və ya yeddi aydan da artıq vaxt lazım olduğunu bildirib.

---

Tags: #mançestersiti #arsenal #İngiltərəPremyerLiqası #EnzoMareska

Source: https://operativmm.az/az/post/mareska-arsenalla-hec-heceden-sonra-hakim-qerarlarini-tenqid-etdi/89374
