# Aden Makkarti Cənubi Afrika millisində yer uğrunda rəqabətlə üzləşib

**OMM Redaksiyası** · *2026-11-30T00:53:24+04:00* · [operativmm.az](https://operativmm.az/az/post/aden-makkarti-cenubi-afrika-millisinde-yer-ugrunda-reqabetle-uzlesib/89377)

![Aden Makkarti Cənubi Afrika millisində yer uğrunda rəqabətlə üzləşib](https://operativmm.az/storage/posts/aden-makkarti-cenubi-afrika-millisinde-yer-ugrunda-reqabetle-c9b9e4.webp)

> “Sabah”ın müdafiəçisi Aden Makkartinin Cənubi Afrika millisinin heyətinə qayıtmaq şansı ölkə mətbuatında müzakirə olunur. IOL yazır ki, mərkəz müdafiəçisi mövqeyində rəqabət artır.

---

Cənubi Afrika mətbuatı “Sabah”ın müdafiəçisi Aden Makkartinin milli komandaya qayıtmaq ehtimalını dəyərləndirib. IOL nəşrinin yazdığına görə, baş məşqçi Pitso Mosimane mərkəz müdafiəçisi mövqeyində artan rəqabətlə üzləşib.

“Kayzer Çifs”in 24 yaşlı müdafiəçisi Raşvin Dortlinin 18 aylıq zədə fasiləsindən sonra gözləniləndən tez sıraya dönməsi rəqabəti gücləndirib. Geri dönüşü 2027-ci ilin yanvarına planlaşdırılan futbolçu artıq dörd oyunda meydana çıxıb və təxminən 400 dəqiqə oynayıb.

## Namizədlər uğrunda mübarizə

Nəşr milli komandaya namizədlər sırasında Makkartinin də olduğunu vurğulayıb. O, “Kayzer Çifs”də 33 oyunda iştirak etdiyi uğurlu mövsümdən sonra Azərbaycana köçərək “Sabah”a transfer olunub.

Makkarti avrokuboklardakı çıxışı ilə də diqqət çəkib. O, UEFA Çempionlar Liqasında Dortmund “Borussiya”sına qol vurub. Müdafiəçi noyabrda Keniya ilə seçmə mərhələ oyunları üçün Cənubi Afrika millisinin genişləndirilmiş heyətinə dəvət edilsə də, 27 futbolçudan ibarət yekun siyahıya düşməyib.

Mosimane Makkartinin yaxşı formada olduğunu bildirib və seçimini zədədən sonra qayıdan Mbekezeli Mbokaziyə fürsət vermək istəyi ilə izah edib. ABŞ-nin “Çikaqo Fayr” klubunda çıxış edən Mbokazinin DÇ-2026-da qazandığı təcrübə milli komandadakı mövqeyini möhkəmləndirib.

Şotlandiyanın “Reyncers” klubunda əsas heyətdə müntəzəm oynayan Olvetu Maxanya və Almaniyanın “Hannover 96” klubunun müdafiəçisi İme Okon da Mosimanenin seçimləri arasındadır. IOL-un fikrincə, yanvarda baş məşqçinin qarşısında etibarlı mərkəz müdafiəçiləri seçməklə yanaşı, Cənubi Afrika futbolunun yeni nəslini formalaşdıracaq oyunçuları müəyyənləşdirmək vəzifəsi dayanır.

---

Tags: #AdenMakkarti #CənubiAfrikamillisi #PitsoMosimane #RaşvinDortli

Source: https://operativmm.az/az/post/aden-makkarti-cenubi-afrika-millisinde-yer-ugrunda-reqabetle-uzlesib/89377
